Viza Dəstəyi almaq

Belçikaya Şengen vizasını necə almalı?

Belçikaya Şengen vizasını necə almalı?Hər il 20 milyondan artıq turistin səyahət etdiyi, Brüssel, Brügge, Antverpen, Gent kimi şəhərləri, müxtəlif memarlıq üslubundakı abidələri və tikililəri, tarixi və mədəniyyəti ilə bütün dünyada məşhur olan ölkə - Belçika sizin də səyahət planlarınızda yer alırsa, səfərinizi reallaşdırmaq üçün almalı olduğunuz Belçika Şengen vizası haqda bilmədiklərinizi bu məqalədə tapa bilərsiniz.
Belçika Şengen ölkələri siyahısına aid olduğuna görə siz müvəqqəti səyahətinizi reallaşdırmaq üçün Belçika Şengen vizasına müraciət edərək bu vizanı əldə edə bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər. Əgər siz Belçikada müddəti 90 gündən çox olan uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s. kimi) almaq və ya burada yerləşən bir qurumda daimi işləmək istəyirsinizsə, həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktublarınız olduğu təqdirdə Belçika milli vizasına da müraciət edə bilərsiniz. Hazırda isə biz sizə Belçika Şengen vizası haqqında ümumi məlumat verəcəyik.
Belçika Şengen vizası təkgirişli və çoxgirişli ola bilər. Həmçinin, siz uzunmüddətli, yəni üç ay, altı ay, bir il, iki il və ya beş il müddəti əhatə edən vizalara da müraciət edə bilərsiniz. Belçika Şengen vizasını almaq sizə səyahətiniz boyu bütün Şengen ölkələrinə gedə bilməyinizə şərait yaradacaq. Ancaq hər bir halda mütləq şəkildə biz məsləhət görürük ki, Şengen ərazisinə ilk girişinizi viza aldığınız ölkədən, yəni Belçikadan edəsiniz. Əks halda siz viza müraciətiniz zamanı qeyd etmədiyiniz təqdirdə Belçika vizası ilə Şengen ərazisinə başqa bir giriş etməyə çalışsanız, nadir hallarda da olsa, həmin ölkənin sərhəd xidməti sizi geri qaytara və ölkəyə girişinizə icazə verməyə bilər. Bu təcrübə bəzi hallarda yaşanıb və bu səbəblə də biz sizə bu riskdən qaçmağı tövsiyə edirik.
Əgər siz Belçika Şengen vizasına müraciət edirsinizsə, səyahətiniz boyu gün sayı olaraq ən çox Belçikada qalacağınızı göstərməlisiniz. Belçikadan əlavə Fransa, İspaniya, Hollandiya və digər Avropa ölkələri də bir çox şəxs tərəfindən səyahət tur planlarına əlavə edilən ölkələr siyahısında yer alırlar. Bu kimi ölkələrin də əlavə olaraq sizin tur planınızda yer alması sizin viza müraciətinizdə heç bir problem yaratmayacaq nüansdır. Sadəcə ümumi səyahətiniz müddətində ən çox qalacağınız ölkəni Belçika olaraq göstərməyiniz Belçika Şengen vizasına müraciətiniz üçün yetərli olacaqdır.
Belçika Şengen vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:
Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
Şəxsiyyət vəsiqənizin surəti
İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
Adınıza olan bank hesabından arayış* və çıxarış (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası
İngilis dilində doldurulmuş ərizə forması
Görüş təyininin təsdiqi barədə sistemdən verilmiş sənədin çap versiyası
Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu
Üzərində "*" işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.


Viza Dəstəyi almaq