Almaniya biznes vizası haqqında
Avropanın ən görkəmli və əzəmətli ölkələrindən biri, özünəxas memarlıq üslubları ilə seçilən, Berlin, Münhen, Frankfurt, Köln, Hamburq və daha bir çox turistik şəhərə sahib Almaniya hər il milyonlarla turistə ev sahibliyi edir. Turistlərdən əlavə isə il ərzində bu ölkəyə bir çox şəxs biznes məqsədlərlə də üz tuturlar. Siz Almaniyaya səyahət edib həm işinizi görmək, həm də gəzib bu ölkəni kəşf etmək istəyirsinizsə, Almaniya biznes (işgüzar səfər) vizasına müraciət edə bilərsiniz. Biznes vizaya müraciət zamanı sizə hansı sənədlərin lazım olacağı, dəvət məktubu və ümumi viza proseduru haqqında ətraflı məlumatı bu məqalədən oxuya bilərsiniz.
Almaniya Viza Növləri
Almaniya Şengen ölkələri siyahısında yer aldığına görə siz müvəqqəti səyahətinizi reallaşdırmaq üçün Almaniya Şengen vizasına müraciət edərək bu vizanı əldə edə bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, maşın satın almaq, tibbi müayinə və ya müalicə, hospitasiya, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər. Əgər siz Almaniyada müddəti 90 gündən çox olan uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s. kimi) almaq və ya Almaniyada yerləşən bir qurumda daimi işləmək istəyirsinizsə, həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktublarınız olduğu təqdirdə Almaniya milli vizasına da müraciət edə bilərsiniz.
Qısamüddətli biznes (işgüzar) səfərinizi reallaşdırmaq üçün də siz Almaniya Şengen vizasının "biznes viza" növünə müraciət edirsiniz. Qeyd edək ki, qısamüddətli biznes viza sizə Almaniyada daimi işləmək hüququ vermir, bu viza sizin öz biznes səfərinizi reallaşdırmağınız üçün təqdim olunur.
Almaniya Şengen Vizası
Almaniya Şengen vizasının təkgirişli və çoxgirişli növləri mövcuddur. Həmçinin, siz uzunmüddətli, yəni üç ay, altı ay, bir il, iki il və ya beş il müddəti əhatə edən vizalara da müraciət edə bilərsiniz. Siz Almaniya Şengen vizasını əldə etdikdən sonra istənilən Şengen ölkəsinə daxil ola bilərsiniz. Ancaq hər bir halda mütləq şəkildə biz məsləhət görürük ki, Şengen ərazisinə ilk girişinizi viza aldığınız ölkədən, yəni Almaniyadan edəsiniz. Əks halda siz viza müraciətiniz zamanı qeyd etmədiyiniz təqdirdə Almaniya vizası ilə Şengen ərazisinə başqa bir ölkədən giriş etməyə çalışsanız, nadir hallarda da olsa, həmin ölkənin sərhəd xidməti sizi geri qaytara və ölkəyə girişinizə icazə verməyə bilər. Bu təcrübə bəzi hallarda yaşanıb və bu səbəblə də biz sizə bu riskdən qaçınmağı tövsiyə edirik.
Əgər siz Almaniya Şengen vizasına müraciət edirsinizsə, səyahətiniz boyu gün sayı, yəni müddət olaraq ən çox Almaniyada qalacağınızı göstərməlisiniz.
Almaniya Şengen Vizası Müraciəti üçün Sənədlər Toplusu
Almaniya Şengen vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:
Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
Şəxsiyyət vəsiqənizin surəti
İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
Elektron hökümət portalından iş yeri ilə bağlı arayış*
Adınıza olan bank hesabından arayış* və çıxarış (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası
İngilis dilində doldurulmuş ərizə forması
Görüş təyininin təsdiqi barədə sistemdən verilmiş sənədin çap versiyası
Gedəcəyiniz iş qurumu, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu
Üzərində "*" işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri ingilis dilinə tərcümə edilərək səfirliyə təqdim olunmalıdır. Tərcümənin notarial qaydada təsdiq olunmasına isə ehtiyac yoxdur, sadəcə tərcümənin olması Almaniya səfirliyi üçün yetərlidir.
Dəvət məktubunun orijinalı yoxdursa, siz skan versiyasını çap şəklində səfirliyə təqdim edə bilərsiniz. Mütləq şəkildə dəvət məktubunun üzərində sizi dəvət edən qurumun imza və möhürü olmalıdır. Həmçinin, dəvət məktubunun üzərində dəvət edilən şəxsin, yəni sizin mütləq şəkildə adınız, soyadınız, əlavə olaraq isə mümkündürsə, doğum tarixiniz, pasport nömrəniz, səyahət tarixləriniz qeyd olunmalıdır. Əgər qalacağınız yer sizi dəvət edən qurum tərəfindən təşkil olunursa, bu halda qalacağınız ünvan sizə göndərilən dəvət məktubunda qeyd olunduğu təqdirdə sənədlərinizin arasına otel bronu qoymaya bilərsiniz.
Sənədləriniz qəbul olunduqdan sonra hər bir halda viza prosedurunuz əsnasında səfirlikdən sizə zəng gələ və bu zəngdə sizdən yeni sənədləri təqdim etməyiniz tələb oluna bilər. Nadir hallarda da olsa, Almaniya səfirliyinin viza proseduru əsnasında müraciətçilərdən bron göstərdikləri otellərin alınmasını və bunu təsdiqləyən sənədlərin səfirliyə təqdim olunmasını tələb etdiyi hallar yaşanmışdır.
Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Şengendə qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 3.000-5.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə Şengen ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 70-80 avro gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.
Əgər xərcləriniz sizi dəvət edən qurum tərəfindən qarşılanırsa, bu nüans mütləq şəkildə dəvət məktubunda qeyd olunmalıdır. Bu halda siz bank hesabınızdan arayış təqdim etməyə bilərsiniz, ancaq hər bir halda məsləhətdir ki, öz adınıza hesabınızda olan kiçik də olsa, bir məbləğ göstərəsiniz.
Siz əgər sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış, şirkətinizin reyestrdən çıxarışı) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınıza və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.
Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış, şirkətinizin reyestrdən çıxarışı və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini ingilis dilinə tərcümə etdirməlisiniz.
Viza Proseduru
Almaniya Şengen vizası üçün müraciət Almaniya Səfirliyinin Visametric adlı viza müraciət mərkəzində olunur. Viza haqda qərar Bakıdakı Almaniya səfirliyinin konsulluq şöbəsində, konsul tərəfindən verilir.
Sənədləri təqdim etmək üçün yalnız 8:30-12:00 aralığında müraciət edilirsə əvvəlcədən görüş təyini tələb olunmur, müraciətçi canlı növbədə dayanmaqla sənədlərini viza müraciəti üçün təqdim edə bilir. Saat 12:00-dan sonrakı müraciətlər üçün isə əvvəlcədən onlayn sistemdən viza görüşü təyin edilməlidir.
Viza müraciəti səfər tarixindən ən tez 6 ay əvvəl edilə bilər. Barmaq izindən azad olan müraciətçilər istisna olmaqla bütün müraciətçilərin sənədləri təqdim edərkən şəxsi iştirakı mütləqdir. Barmaq izindən azad olan müraciətçilərin isə sənədləri təqdim etmək üçün başqa bir şəxsə etibarnamə verməlidir və bu etibarnamə formasını Visametric saytından əldə etmək mümkündür.
Barmaq izindən azad olan şəxslər aşağıdakı qruplara bölünür:
Son 5 ildə Şengen vizası alan və sistemdə barmaq izi olan şəxslər
12 yaşdan aşağı uşaqlar
Barmaq izi verilməsi fiziki cəhətdən mümkün olmayan şəxslər
Diplomatik və ya xüsusi pasport sahibi olan və Belçikada diplomatik və ya konsulluq vəzifəsinə akreditə olunmuş şəxslər
Almaniya mərkəzi və ya nümayəndəliyi olan beynəlxalq bir təşkilatda səlahiyyət alacaq diplomatik və ya konsulluq personalı və onların ailə üzvləri (həyat yoldaşı və qayğıya ehtiyacı olan uşaqları)
Almaniya Şengen viza proseduru müraciət tarixindən etibarən, adətən, 5-15 iş günü (bayramla əlaqəli rəsmi qeyri-iş günləri istisna olmaqla) davam edir.
Sənədləri təqdim edərkən 35 avro viza rüsumu, 24.5 avro (47 AZN) viza mərkəzinin xidmət haqqı ödənilir. Bu ödənişi həm nəğd şəkildə yalnız manatla, həm də kartla ödəmək mümkündür. Viza rüsumunun manat ekvivalenti səfirlik tərəfindən günün məzənnəsinə görə tənzimlənir.
Almaniya Şengen Vizası Alma Ehtimalı
Hər bir ölkənin viza müraciətində olduğu kimi Almaniyada da sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal olması, aylıq gəlirinizin standart maaş aralığında və ya daha yüksək olması (təcrübədə 500-600 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və səyahət tarixçənizin yaxşı olması sizin Almaniya Şengen vizası alma şansınızı artıran faktorlardır. İlk Şengen vizasını məhz Almaniya səfirliyindən almış şəxslərin mövcudluğuna baxmayaraq, biz əksər hallarda müraciətçilərə profil göstəriciləri yüksək səviyyədə (yuxarıda sadalanan nüansların hər birinin qaydasında və standartlardan yuxarı olması) olduğu hallar xaricində ilk Şengen viza müraciətlərini Almaniya səfirliyinə etməkdən qaçınmalarını tövsiyə edirik. Biznes vizaya müraciət zamanı isə təqdim edəcəyiniz rəsmi dəvət məktubu sizin viza alma şansınızı yetərincə yüksəldə bilər. Əgər dəvət məktubunuzda göstərilən səfər məqsəd və səbəbiniz sizin işlədiyiniz sahə ilə bağlıdırsa və ya siz daha öncə də oxşar biznes səfərlər həyata keçirmisinizsə, bu nüanslar sizin profilinizə kifayət qədər müsbət təsir göstərəcək.
- Birləşmiş Krallığa viza necə almalı?
- Viza nədir ?
- Şengen vizası nədir və Şengen ölkələri hansılardır?
- Amerikaya viza dəstəyi
- Vizasız ölkələr siyahısı
- Macarıstana necə viza almaq olar?
- Fransa vizası üçün lazım olan sənədlər
- Niyə məhz İngiltərə?
- Avstriyaya viza almağın qaydaları
- Bolqarıstana necə viza almalı?
- Çin vizası haqqında
- Yunanıstan vizası dəstəyi
- Malta vizası dəstəyi
- Taylanda səfər etmək üçün viza tələbləri
- Çexiya vizasının növləri